Əkiz qüllələr
vuqarSentyabr 11, 2007 21:01
“Dalğa” aksiya keçirib
Vüqar Baba
“Dalğa” Gənclər Hərəkatı ( GH ) 11 sentyabr hadisələriylə əlaqədar ABŞ səfirliyi qarşısında aksiya keçirib. Hərəkat üzvləri polisin aksiya iştirakçılarını tutduğunu deyir.
“Dalğa” GH-nin sədri Ülvi Həsənli gənclərin aksiyasının qarşısının alınaraq onları Nəsimi rayonu 22-ci polis bölməsinə apardıqlarını: “Biz əlimizdə plakatlar, əkiz qüllələrin maketi ilə səfirliyə yaxınlaşanda polislər qabağımızı kəsdilər, bizi polis bölməsinə apardılar. Onlara səfirliyin xəbəri olduğunu və aksiyanı onlarla razılaşdırdığımızı desək də fikir vermədilər”.
Ülvi Həsənli onun polis kapitanıyla söhbət etdikdən sonra ancaq bir aksiyaçının maketi səfirliyin qarşısına qoymağa icazə verdiklərini söyləyir: “O da bir şərtlə, həmin “Dalğa”çını iki polis müşayət edəcək”.
Hərəkat rəhbərinin bildirdiyinə görə gənclərdən bir neçəsi səfirliklə əlaqə saxlayıb situasiya barədə onlara məlumat veriblər. Bundan sonra ABŞ elçiliyindən polislə əlaqə saxlanılıb və “Dalğa”çıların buraxılması xahiş olunub. Bundan sonra onlar azad edilib.
Bundan sonra gəncləri səfirlikdə siyasi büronun rəhbəri xanım Con Palaşekin qəbul etdiyi barədə məlumat verən Ülvi Həsənli qəbuldan sonra maketi və şüarı səfirlik nümayəndəsinə təqdim etdiklərini bildirir: “Sonra insanlığa qarşı yönəlmiş bütün vəhşilikləri, terroru pislədiyimizi bildirdik. Xanım Paşlek bizə təşəbbüsümüzə görə təşəkkür elədi. Polislərin hərəkətindən də təəssüfləndiyini söylədi”.
Nəsimi rayonu 22-ci polis bölməsinin növbətçisi İmanov isə belə bir hadisənin yaşanmadığını, bölməyə hansısa aksiya keçirmiş heç bir gəncin gətirilmədiyini bildirdi.
ABŞ səfirliyindən hadisəylə əlaqədar məlumat almaq cəhdimiz alınmayıb.
Şərhlər(0)
221 oxunma
İSTİ XƏBƏRLƏR
