İLK ZENG
Marafon başladı
VÜQAR BABA
“Yox, mən getmirəm. Evə qayıdıram. Qorxuram oradan”. - Məktəbin həyətində balaca bir qız anasının və atasının əlindən tutub ağlayırdı. Dərsin başlama zəngi çoxdan vurulmuşdu. Qız bu il birinci sinifə gedəcək. Əlbəttə, ağlamağı kəsib içəri keçə bilsə...
Məktəbin həyətində qalan təkcə onlar idi. Bir saat bundan qabaq isə şagirdləri qəbul etmək üçün kiçik bir tədbir hazırlanmışdı. Sentyabrın 15-i Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir məktəbin həyətindəydik. Məktəb xarici görüntüsü ilə öz tarixindən məlumat verirdi. Ötən illərdə buranı bitirən hər sinif rəng balonları ilə divarlarda özlərindən xatirə buraxmışdılar: “11-a – 2004 – “FOREVER”, “11-b YEK”, Məzun-2005” və hətta bitirdikləri yerdən də pul çıxarmaq fikirləri var idi – “SATILIR”. Məktəbun bir divarı isə 2004-cü ilin məzunlarına həsr olunmuşdu – bütün şagirdlərin ad və soyadları həmin divarı bəzəyirdi...
Bu məktəbdə saat 07:30-da səs gücləndiricilərə verilmiş bayağı mahnı sədaları şagirdlərə “gəl-gəl” deyirdi. Bir azdan ikinci sinifə keçən bir qız uşağı tribunaya qlxıb şeir dedi:
“...Bir yol var ki, dünyada,
O yol cənnət yoludur,
O yol məktəb yoludur”.
Balaca məktəbi tərifləyirdi. Lakin həyətə toplaşan digər şagirdlər başqa fikirdə idilər: - E... başladı da yenə. Hər gün yuxuna haram qat tezdən dur, gəl xarabaya. - Hə, oktyabrın beşi də müəllimlər günüdü, görəsən indi neçədən yığacaqlar...
Şagirdlər məktəbdən çox Universiteti fikirləşirdilər. Bir qrup məktəbli toplaşıb hansı ixtisası seçdiklərinindən danışırdılar. Hər biri öz repetitorunu tərifləyirdi. Çoxunun hazırlıq müəllimi öz məktəblərində dərs deyənlərdən deyildi. Ona görə bir balaca ilişmişdilər. Fikirləşib bəhanə tapmağa çalışırdılar ki, müəllimləri soruşanda niyə onunla hazırlşmırlar, onu aldatsınlar. Biri isə qorxmadan: “Mən onsuz da keçən il də hazırlaşmışam Azərbaycan dili və Ədəbiyyatdan, onları yaxşı bilirəm. İki yaza bilməyəcək. Üzünə deyəcəm ki, sən özün heç nə bilmirsən, bizi necə hazırlaşdıracaqsan ki...”
Müəllimlər bir-bir tribunaya qalxır, uşaqları yeni dərs ilinin açılışı münasibətilə təbrik edirdilər. Sanki sözləşmişdilər. Hamısı demək olar eyni cümlələri qurdular: “Yeni dərs ilinin başlanması münasibətilə sizi təbrik edirəm. Arzu edirəm bu il bütün qiymətləriniz beş olsun. Məktəbi əla qiymətlərlə bitirib universtetlərə daxil olasınız”. Burada iki variant ola bilərdi: ya müəllimlər doğurdan da əvvəlcədən sözləşmişdilər ki, eyni cür çıxış etsinlər, ya da... “bacardıqları budur” demək istəyirəm, dilim gəlmir. Axı onlar uşaqlara danışmaq öyrədəcklər. Direktor isə durnanı gözündən vurur. Azərbaycanda, Azərbaycan məktəbində baş müəllim rus dilində məktəblilərə müraciət edir. Təxminən yuxarıdakı cümlələri rus dilində qurur...
Çıxışlar bitir, şagirdlər sinif-bəsinif dərs otaqlarına çağrılırlar, yuxarıdan aşağı: “11-a, 11-b, 10-a, 10-b, 9-a... Altıncı, yeddinci, səkkizinci siniflər evə qayıtsınlar onlar günorta növbəsidirlər...”
Məktəbin həyəti yavaş-yavaş boşaldı. 15 dəqiqə keçmiş yeddi oğlan bayıra çıxır:
- Hara gedək indi, iki dərsin vaxtını necə keçirək?
- Axırıncı iki dərsə qayıdarıq ha...
- Gəlin “Play Station”-a gedək, futbol oynayaq. Bax indidən deyirəm, Braziliyanı özüm seçəcəm...
Dərsə gedən, dərsə gedir, ilk qaçanlar isə oyun salonlarına. Həyətdə heç kim qalmır. Bircə şıltaq qız gildən başqa: “Yox, mən getmirəm. Evə qayıdıram. Qorxuram oradan”. - Məktəbin həyətində balaca bir qız anasının və atasının əlindən tutub ağlayırdı. Dərsin başlama zəngi çoxdan vurulmuşdu. Qız bu il birinci sinifə gedəcək. Əlbəttə, ağlamağı kəsib içəri keçə bilsə...
Baxış sayı: 55
Açar sözlər:
Dablyu, dablyu, dablyu...
...ve Ay Lav Yu
İnterSevgi
Vüqar Baba
Andrey Lange internet səhifələrində özünə sevgili axtarır. Bu məqsədlə Vladislav Qrişin adlı həmcinsi ilə tanış olur. Andreyin 24, Vladislavın 30 yaşı var idi. Onlar tez-tez V. Qrişin gildə görüşür, sevişirlər. Yaşça kiçik kişinin, böyük isə qadının rolunu oynayır. Buna görə A. Lange öz “qadın”ından pul da alır.

Bir ildən çox vaxt keçir. Aralarındakı münasibətlər soyuyur. Andrey isə bu hala görə çox narahatlıq keçirir. Axır həftələrdə nə vaxt Vladislavla görüşmək istəyir, alınmır. “Sevgili”si həmişə bir bəhanə ilə ondan uzaq durmağa çalışır. Həmin kritik günlərdə Andrey Vladislavı Bulvarda başqa bir oğlanla görür. Qısqanır, lakin “yar”ına onu gördüyünü bildirmir. Sonra zəng edib dünənki gün harada olduğunu soruşur. “Qonaqlarımız var idi, evdəydim” cavabını eşidəndə qısqanclıq və aldadılma hissləri onu dəli edir. Onlara gedib kompakt-diskə proqram köçürmək istədiyini deyir və axşam Vladislav gildə olur. Öz tərəf müqabilindən 100 dollar pul istəyir. V. Qrişin onda o qədər pulun olmadığını deyəndə Andrey əsəbləşir. Mətbəxə keçib bıçaq götürür...
Xətai rayonu Polis İdarəsinin sədr müavini Vaqif Müslümov qurduğu əməliyyat nəticəsində 10 gündən sonra Andrey tutur. İnsan qətlə yetirdiyinə görə...
İnternetdəki tanışlıqlar bəzən belə sonluqla da bitə bilir. Lakin virtual aləmdə özünə dost, yoldaş, sevgili və daha nələr axtaranlar gün-bəgün artır. Psixoloq Azər Qaraçənlinin fikrinə görə artan say tanış olmaq üçün inernetə girənləri göstərmir. Sadəcə Azərbaycanda internetdən başı çıxanlar get-gedə çoxalır və bu da yaxşı haldır. O deyir ki, bir neçə ildən sonra internetdən istifadə də bizim üçün telefon kimi kütləviləşəndə, adiləşəndə bilmək olar tanışlıq üçün internet saytlarına üstünlük verənlər artır, ya azalır. A. Qaraçənli insanların yeni münasibətlər qurmaq üçün nəyə görə virtual aləmə müraciət etmələrinin də səbəblərini söylədi: “Birincisi, böyük şəhərlərdə insanlar özlərini tənha hiss edirlər. Həmişə təzə dostun, tanışın kasıbçılığını çəkirlər. Müasir texnologiya da onların köməyinə gəlir. İkincisi internet insanları anonimliyi qorumaq imkanı verir. Adını, yaşını, səsini, görüntüsünü, cinsiyyətini, harada yaşadığını bildirməmək, ya da aldatmaq, başqa şey demək olar. Üçüncüsü kompleksi aradan qaldırır. Həyatda öz görüntüsündən narazı olanlar da internetdə sərbəst söhbətləşə bilirlər. Sonra səmimiyyətə daha çox meydan açır. Adi mühitdə ənənəvi qaydaları, aradakı pərdəni keçmək çətindir. Ancaq internetdə adam misal üçün qarşıdakından rədd cavabı almaqda çəkinmir, intim münasibətlər təklif etməkdən utanmır. Bir də eyni vaxtda bir neçə adamla əlaqə saxlamaq olur...”
İnternetdən uzun müddətli istifadə bəzən bağlılıqlar yaradır. İstifadəçi real həyatdan ayrılır, virtual aləmdə gününü keçirir. Dostu gerçək həyatda yox, saatlarla kompüter başında axtamağın ziyanı varmı? – sualımızı psixoloq cavabladı. Azər Qaraçənli bunun psixoloji asılılıq olduğunu, lakin səbəbini internetdə axtarmamağı məsləhət gördü. Onun sözlərinə görə ailədə, dostları arasında, ümumiyyətlə real mühitdə problemləri olanlar virtual aləmin xəstəsinə çevrilirlər. Özlərinə internetdə həmdərt tapır, yaxud sadəcə vaxt keçirirlər. Əksinə internet olmasa həmin psixi problemləri olanlar daha da aqressivləşər. Kompüter başında öz səhhətlərinə fiziki ziyan vururlarsa, digər halda özündənəlavə başqalarına da ağır zərər yetirə bilərlər. O ki, qaldı tanışlıq saytlarına və buradakı əsas məqsədə - yəni intim münüsibət qurmaq istəyinə, zənnimcə bu da normaldır. Cinsi təlabat da ən adi hisslərdən biridir. Əyləncə, faydalı vaxt keçirmək, yeni dostlar tapmaq imkanlarını da nəzərə alanda tanışlıq saytları çox yaxşı şeydi”.

Kimlərin və hansı sürətlə artdığını öyrənmək üçün özümüz bir ay tanışlıq saytının sakini olduq. Cinsi əlaqədə olmaq üçün əks cinslər axtaranlar, həmcinslərini axtaranlar, cinsi ayrı seçkilik etməyənlər, transvestitlər... hələ elmə belə məlum olmayan cinslər gördük. Pullu intim xidmət təklif edənlər də çox idi. Biz 5 adda girmişdik: 1) qız axtaran oğlan, 2) oğlan axtaran oğlan, 3) oğlan axtaran qız, 4) qız axtaran qız və 5) transvestit (Hərfi şəkildə “keçid cinsli” kimi tərcümə etmək olar). İnternetdə transseksual kimi qeydiyyatdan keçənlərin sinələri qadına, cinsiyyət orqanları kişiyə aid idi. Biz də axtarış verdik və özümüzə internetdən hər biri üçün bir şəkil tapdıq – guya o şəkildəkilər biz idik. Çünki foto yerləşdirməyənə maraq az olur.
Adını “Anar” qoyduğumuz normal oğlan bir ayda təxminən 1500 qıza yazdı. İndiyədək onlardan 7 nəfərlə əlaqə yaradıb. Cəmi bu qədər qızla söhbəti baş tutub. Elə bir şey olmadı ki, ilk dəfə qız ona yazsın. “Anar”la dostluğa çox qız bir şərtlə razı olurdu: “Sim kontur kodunu yaz, telefonuma yükləyim, sonra tanış olaq”. Təxminlərimizə görə onların əksəriyyəti oğlandır. Qız da ola bilər, məqsədləri birdir – fırıldaqçılıqla kontur əldə etmək...

İkinci variant: qız niki ilə girdik. Yalançı xanımın adını “Zərifə” qoyduq. Guya özünə oğlan axtarırdı. Qeydiyyatdan keçib səhifəyə daxil olmamış 8 məktub hazır idi. “Zərifə” ilə tanış olmaq istəyənlərin sayı bir saatdan sonra 150-ni, ikinci 60 dəqiqədə isə 350-ni keçmişdi. Aralarında intim münasibət təklif edən 3-4 qız da var idi. Bir aylıq araşdırmamız zamanı isə bizim qıza 3500 tanışlıq təklifi gəldi... “Paren” niki ilə qeydiyyatdan keçirtdiyimiz oğlan isə özünə elə oğlan axtarırdı. Bizim qeyə ilk 2 saatda 30 oğlan intim münasibət təklif etdi. Bir aya isə 90 %-i oğlan olmaqla 800-ə yaxın adam onunla maraqlandı...
Digər fırıldağımızda isə “Lesbi” nikli qız intim əlaqə üçün həmcins axtardı. Bu cür əlaqəyə maraq azdır bizdə. 30 günə təxminən 300 nəfər ona yazdı. “Lesbi”nin istəyinin əksinə olaraq onunla maraqlanan oğlanlar çox oldular...
Və sonuncu sınaq nikimiz – “Trans Nata”. O, qadın paltarları geyinən və xarici görünüşcə daha çox qadına oxşayan biri idi. Lakin cinsiyyəti kişi idi. Dəqiqədə 1 oğlandan cinsi əlaqədə olmaq təklifi alırdı. Bir aylıq araşdırmamız bitənə qədər ona 2500 belə istək bildirilmişdi...
İnter hüquq
“Heç kim naməlum şəxslərə internetdə özü haqqında geniş məlumat verməməlidir.” Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz belə məsləhət görür. O bildirdi ki, internet proqramları vasitəsilə istənilən tanışlıq saytı sakinlərinin ünvanını tapmaq olar. Sadəcə həmin proqramlardan haqqında məlumat almaq istədiyin istifadəçinin internet kodunu – İP-sini öyrənmək lazımdır. Hər bir kod ona internetin hansı provayderdən (internet ATS-lərindən) verildiyini göstərir. Sonra provayder vasitəsilə kodun hansı ünvanda, kimə məxsus olduğunu asanca öyrənmək olar. Tanışlıq səhifələrinə girənlər başqa fırıldaqlara da əl atırlar. Kiminsə şəklini özlərinki kimi göstərirlər, xoşları gəlməyən adamların telefon nömrələrini, ünvanlarını paylayırlar. Osman Gündüz 2002-2003-cü illərdə hazırlanmış Kibercinayətkarlıq Haqqında Konvensiyaya qoşulmadığımıza görə bu tip halların qarşısını almağın çətin olduğunu deyir: “Rabitə Nazirliyi bu konvensiyaya rəy verib göndərib Milli Məclisə. Ola bilsin payız sessiyasında bu məsələ də müzakirə olunsun. Ona qoşulsaq hər bir adamın internet danışıqlarını izləyə bilərik. Ona görə də hüquq müdafiə orqanları konvensiyanı qanunsuz sayır ki, insan hüququna toxunur, şəxsi həyata qarışmaq olmaz. Dünyada 30-a qədər ölkə qoşulub konvensiyaya. Onların arasında Ermənistan da var”. Hüquqşünas Ələsgər Məmmədli isə internetdə olan hüquq ozuntularına qarşı respublika konstitusiyası ilə də mübarizə aparmaq mümkün olduğunu dedi. Bildirdi ki, 33-cü maddə şəxsi toxunulmazlıq hüququdur və o insanın şəxsiyyəti ilə bağlı bütün aspektləri əhatə edir. İstər real, istər virtual həyatda. Bir insanın icazəsi olmadan onun şəkli, telefon nömrəsi və başqa ona aid olan informasiyalar kiminsə tərəfindən internetdə yerləşdidildikdə, yaxud kimə isə göndərildikdə bu zərər maddi və mənəvi olaraq məhkəmə qaydası ilə ödənilir. Orada cinayət əməli varsa, başqasının adından istifadə edərək əxlaqsız işlər görüldükdə Cinayət Məcəlləsinin 147, 148-ci maddəsi ilə ittiham qaldırıla bilər. Əgər misal üçün elektron poçt vasitəsilə intim münasibətlər təklif olunursa ona bir şey etmək çox çətindir. Bu ölkə məsələsi deyil, beynəlxalq səviyyədə mübarizə aparmaq lazımdır”.
Baxış sayı: 82
Açar sözlər:
İgid əsgər, möhkəm dayan
Bakı-Cəlilabad-Bakı
VÜQAR BABA
“Eh... su içmişəm, sok içmişəm, araq içmişəm, bir dəfə də and içim də... Mən heç qışqırmırdım axı. Qıraqdan baxırdılar deyə yalandan ağzımı açıb-yumurdum”. – And içmə mərasimindən başı yenicə ayrılmış əsgər belə dedi.
Mərasim Cəlilabad rayonu “N” saylı hərbi hissədə keçirilirdi. Səhər saat 8-də çalınan təntənəli marş tədbirə start verdi. Tribunada yüksək vəzifəlilər çıxışa başladı. Lakin onların səsindənsə daha çox kənarda övladlarını seyr edən valideyinlərin söhbəti aydın eşidilirdi:
- A kişi hanı bizim uşaq, görə bilirsən?
- Hardan görüm. Hamısı da eyni geyinib, bir-birinə oxşayırlar.
Elə bil inkubator cücələridir...
Qeyd: Foto həmin andiçmədən deyil. "Google"dan köçürülüb.
Tribunadakı danışıq qurtarır. Əvvəlcədən qruplara ayrılmış əsgərlər hissə-hissə üzərinə bayraq və bir neçə avtomat qoyulmuş masalara yaxınlaşırlar. And içirlər Vətəni qorumağa. Tribunada söhbətlər gedir, səs isə eşidilmir. Bir müddətdən sonra əsgərlər əl çalırlar... Deməli danışıq bitmişdi...
Yeni əmr verilir. Marş çalınır, əsgərlər hərbi keçidə başlayırlar. Bir, iki... bir, iki... Komandirlərinin və valideyinlərinin qarşısında addımlayırlar. Övladı yanından keçəndə ana və ataların həyəcanı daha da artırdı: “Vay... buna bax yazıq bu bir aya nə təhər arıqlayıb. Yemək-zad vermirlər deyəsən bunlara. Üstlərinin kirindən də cinlər ürkür. Paltarlarını bir dəfə də yumayıblar...”
Əsgərlərin keçidi qurtarır. Hissənin kambriki valideyinlərə müraciət edir: “Bir aydır ki, bu uşaqlar mənim uşaqlarımdır, sizin yox. Bir aydır ki, onların qeydinə mən qalıram, siz yox. Onlardan dördü naxoşdur. Bunu siz etmisiz – siz valideyinlər. Yalandan mənim üstümə atmayın. Biz xəstələndirmişiksə niyə bəs 250 əsgərə heç nə olmayıb, buradadırlar. O dördünə siz qarpız-yemiş yedirtmisiz, ona görə. İndi iki-üç saatlığına onlar sizindir. Ancaq əlinizə nə keçdi yedirtməyin. Sonra bəlasını biz çəkirik”.
Əsgərlər hərbi hissənin həyətindən çıxmamaq şərti ilə azad idilər. Sanki qəfəsdən buraxmışdılar onları. Hamısı ailələr toplanan tərəfə qaçdılar. Səhnəni görməyə dəyərdi. Əyinlərindəki formalar bu bir ayda bəlkə də birinci dəfə idi ki, yuyulurdu. Göz yaşı ilə...
Sevinən, ağlayan, məsləhətləşən – hamısı bir-birinə qarışmışdı:
“Qaqa dərslərini yaxşı oxu, instituta gir. Buralara gəlmə. Əsgərlik bekar şeydi, zülm çəkirik”.
“Bala nə yaman arıqlamısan? Yemək-zad vermirlər?”
“Ağlama bacı, bir ilə gəlirəm”.
“Ata pul ver, məni buradan apar...”
Bunlar ailəsi ilə görüşənlərin söhbətləri idi. Bir kənarda yığışıb sakit duranlar da var idi. Kefsiz, halsız. Onların And içmə mərasiminə heç bir yaxını gəlməmişdi...
Təzə əsgərlər bizimlə də söhbət etdilər. Dediklərinə görə hamı yeni olduğundan öz həm rayonlusunu axtarır ki, yoldaşlıq etsin. Onlar bir-birini “zyöma” adlandırır. “zyömaları çox olanın isə sözü daha keçərli olur.
Həmsöhbətlərimdən biri artıq “vorzakon” da olub: “Burada sən sındırmasan, kim isə səni sındıracaq. Kim güclüdü, o “prav”dı. Mən həm özüm güclüyəm, həm də hissədə tanışım çoxdu”. Öz aralarında hamı onun dediyini eləməlidi. Yoxsa: “Komandirə deyənə də ağır söyüş qoyuruq. Anasını, bacısını söydürmək istəyən onsuz da kişi deyil. Ondansa mənim dediklərimi eləsinlər, başaları da ağrımasın. Bu gün də uşaqların çoxunun qohumları gəlib. Yəqin ata-anaları nə isə gətiriblər. Əsgərlər də bu axşam hər biri mənə 10 manat pul verəcəklər. Bu dey... bu da alacaqlarımın siyahası...” Əlindəki kağızda haradasa 30-40 ad var idi.
Başqa biri isə kambrikin son çıxışına iradını bildirdi: “Yalandan deyir 4 nəfər xəstədir, qalanı salamat. Yəqin o dördünün vəziyyəti çox ağırdı. Əsgərlərin yarısı qan ifraz edir ey...”
“Yox, mən elə şey görməmişəm. Biz olduğumuz yerdə pul-zad alan yoxdu. Heç bir başqa problem də yoxdur”. Vəziyyətindən şikayətçi olmayan da var idi.
Köhnə əsgərlərdən biri isə hərbi hissədə tez-tez baş verən hadisənin üstünü açdı. Sən demə bəzi əsgərlər qəsdən xəstələnirlər. Papaqlarını çıxarıb saatlarla günün altında gəzirlər. Günvurmadan pis hala düşən əsgər Lənkəran rayonundakı hərbi hospitala aparılır. Bir ay xəstəxanada qalır, 15 gün də evə məzuniyyət alır.
Əsgərlər hərbi hissənin həyətindən çıxmamaq şərti ilə valideyinləri ilə bir yerdə ola bilərdilər. Tək-tək hallarda ağaca rast gəlmək olan həyətdə. Avqustun əvvəlində. Biz isə istiyə çox dözə bilmədik. Şəhərə qayıtdıq. Əsgərlərdən biri bizi yola saldı: “Siz tezcə bezdiz, biz hələ bir ildən çox buradayıq...”
Baxış sayı: 187
Açar sözlər:
Moskva ətrafı çimərliklərin birinə yaxınlaşan avtomobildən üç gənc qız düşür. Onlar maşından enər-enməz lüm-lüt soyunub dənizə baş vurular. Suda bir-biri ilə zarafatlaşan gözəllər ətrafdakıların, xüsusən də kişilərin diqqətlərini özlərinə çəkirlər. 15 dəqiqədən sonra çimərlikdəkilərin təəccüb dolu baxışları arasında, geyinib gedirlər. Bir az keçəndən sonra isə çimərlikdəkilər son dərəcə dəqiqliklə işlənmiş cinayətin fərqinə varırlar. Məlum olur ki, 15 dəqiqəlik “film” zamanı 4 maşın qaçırılıb, onlarca avtomobilin içərisinə əməlli-başlı əl gəzdirilib...
Avtomobil oğurluğundan Azərbaycanda da əziyyət çəkənlər çoxdur. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə ölkə ərazisində müxtəlif cinayətlərə görə 21 avtomobil axtarışdadır. Onlardan 16-sı paytaxtda, qalan 5-i isə Lənkəran, Mingəçevir, Şamaxı, Bərdə və Xaçmaz rayonunda qeydiyyatdadır. Məlumata görə bu avtomobillər 2004-cü ildən axtarışa verilib.
Maşınınızı saxladız, düşdüz və qapıları bağladız. Həmin yerə geri döndüyünüzdə avtomobilinizin orada olmadığını görürsüz. “Görəsən başqa yerdə saxlamamışam ki? Bəlkə də burada saxlamaq olmazmış, ona görə də polis çəkib aparıb”. Bunları düşündünüz. Lakin sonda maşınınızın doğrudan da oğurlandığı gerçəkliyi ilə qarşılaşdınız.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vaqif Əsədov avtomobil talamalarının keçən ilə nisbətən artığını dedi. Onun göstərdiyi say da fərqli idi: “Bu ilin ilk 6 ayı ərzində bizdə 67 maşın qaçırılması halı qeydə alınıb. Onlardan 60-ı tapılıb. Ən çox maşın oğurluğu Nəsimi rayonunda olub. Burada qaçırılan 13 avtomabildən 10-u, Yasamal royonunda 11-dən 10-u, Binəqədi rayonunda 10-dan 9-u tapılıb. Sabunçu rayonunda isə oğurlanan 1 avtomobilin axtarış müddəti elə 1 gün olub. Müqayisə üçün onu deyə bilərəm ki, 2005-ci ilin ilk 6 ayı isə avtomobil oğurluğu ilə əlaqədar bizə 57 fakt daxil olmuşdu. Onlardan 49-u tapılmış, 8-inin isə axtarışları davam etdirilmişdi. Keçən ildə maşın talanması halları ən çox Yasamalda qeydə alınmışdı. Bu rayonda oğurlanan 12 maşından 11-i tapılmışdı”. Vaqif Əsədov sonuncu dəfə rastlaşdığı oğurluq halını da danışdı: “Bu həftə Rəşid Behbudov küçəsində üç nəfər naməlum şəxs əl eləyib taksini saxlayıblar, deyiblər: “Sür Keşləyə”. Ancaq Babək prospektindən Keşləyə girəndə bıçağı çıxarıb ki: “Dayan”. Sürücü də saxlayıb, maşından düşüb qaçıb. Gəlib dərhal 23-cü polis bölməsinə dərhal məlumat verib. Səhərisi gün həmin avtomobili Bakıxanov qəsəbəsində 13-cü polis bölməsinin əməkdaşları tutub və maşın sahibinə təhvil verilib. Ancaq içindən maqnitafonu götürülüb. Cinayətkarlar da, maqnitafon da axtarılır. Maşını oğurlayanı tutub cəzasını verəcik”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində (Oğurluq) bu tip talan etmədə cinayətkarın ən yüngül halda şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək islah işləri və ya iki ilədək müddətə azdlıqdan məhrum etmə ilə cəzalandırılması göstərilib. Eyni əməllər 1) mütəşəkkil dəstə tərəfindən törədildikdə, 2) külli miqdarda ziyan vurmaqla törədildikdə, 3) əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə bir dəfədən çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Başqasının maşınını, həm də onun razılığı olmadan sürmək atomobil qaçırması adlanır. Uşaqları valideyinlərinin icazəsi olmadan onların yaxud da dost-tanışın avtomomobilindən bu yolla istifadə etdikdə başqa cür cəzalanır. Belə cinayət etmiş şəxsin işinə 185-ci maddə ilə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) baxılacaq. Həmin maddəninən ağır bəndi beş ildən on ilədək azadlıqdan məhrum etmədir. “Mən adətən gecələr işləyirəm. Saat 3-6 arası heç kimin xəbəri olmur. Bahalı maşının içindəki əşyalar da bahalı olur. Maşının qapısını simlə açıram. Əsasən maqnitafonu sökürəm, ancaq hərdən “bardaçok”da maqnitafondan da bahalı şeylər olur, ya da elə oturacağın üstündə. Elə vaxt olur maşına siqnalizasiya qoşulur. O da problem deyil. Yarım dəqiqəyə onun da səsini kəsirəm. Bunu necə etdiyimi deyə bilmərəm. Rəqiblərim arta bilər. Avtomobilin özünü heç vaxt oğurlamamışam. Bu çətin işdir. İçindən maqnitafon-zad götürürəm. Maşın əkəndə tezcə tutarlar. Onu ancaq vəzifədə qohumları olanlar eləyə bilər”. Gördüyü işi danışdı. Ancaq bunun yaxşı bir şey olmadığını fikirləşdiyindən adının gizli saxlanılmasını istədi. Avtomobil oğurluqlarından zərər çəkənlərdən biri – S.R. (ad və soyadının baş hərifləri saxlanılıb) üç il bundan öncə aldığı maşınını bu il “oğurluq maşın” adı ilə əlindən alıblar. Avtomobilini növbəti dəfə texniki baxışdan keçirəndə aldığı xəbərə şok olub. Ona deyilənə görə maşın Ermənistan vətəndaşınındır. “Qardaş etmə, eləmə. Ermənistan hara, mən hara?” – S.R. mat qalmışdı. O, maşını Qazaxdan aldığını, lakin öz adına keçirmədiyini deyir. Əvvəlki sahibinin adına olduğundan hər il etibarnaməni də yeniləyirmiş. Çox get-gələ düşür. Nəhayət çıxış yolu da tapılır: məhkəmə ilə həmin adamın maşından imtina edəcəyini gözləyəcəklər. Son sözü erməni deyəcək...
QEYD: MƏQALƏ 2006-CI İLDƏ YAZILIB
Baxış sayı: 145
Açar sözlər:
“Biz avara deyilik...”
Amerikada onların sayı 12 milyon, Azərbaycanda 12 nəfərdir
Vüqar Baba
Keçən əsr Amerika gəncləri yarı əyləncə, yarı idman olan bir məşğuliyyət tapdılar. Yarım metirlik bir taxta lövhəni dənizə atır, üstünə çıxıb dalğalarla oynayırdılar. Burada vacib şərt batmamaq, suyun üzərində qala bilmək idi. Sörfinq belə yarandı...
Lakin dənizdə dalğa olmayanda sörf etmək də olmurdu. Bu idman növü üçün mütləq külək lazım idi. Sörferlər isə darıxırdı. Onlar sakit havalarda da ekstrimdən həzz almaq istəyirdilər. Bundan bezənlər 1969-cu ildə belə bir şey fikirləşdilər: sörfinq lövhəsinə təkərlər bərkidib quruda da sürsünlər. Artıq həmin lövhə skeyt adlandı. Skeyt-bordinq də belə yarandı...
İndi o qitədə milyonlarla skeyt sürən var. Azərbaycanda isə normal skeyterlərin sayı...
“Amerikada təxminən 12 milyon skeyter var. Bizdə isə demək olar cəmi 12”. Sözlərin müəllifi Əkbər Nağıyevin 18 yaşı var. İki ildir ki, həyatındakı əyləncəni skeytdə tapır. Universitetdə oxuyur. Tələbə olduğunu o xüsusi vurğulayır. Avara olmadığını bildirmək üçün. Həm onun, həm də dostlarının bu damğadan heç xoşları gəlmir.
17 yaşlı Teymur Cəbiyev şikayətlənir: “Başa düşməyənlər bizə avara deyirlər. Onlara elə gəlir biz dərs zad oxumuruq. Halbuki burada elələri var bəzi fənləri “sökürlər”. Skeyt sürənlərin içində “bomba” yerdə işləyənlər də var. Ancaq başa düşən iyirmi faiz “maladyoj” deyir halaldı”.
“Hə – skeyter Fərhad Əliyev də bu söhbətə qoşulur – bu pis münasibətin üstündə skeyt-bordinqdən uzaqlaşanlar da olur. Əvvəllər biznən qızlar da skeyt sürürdülər. Lağ edirlər deyə məcbur olub sürmürlər. Qızlara ümümiyyətlə pis baxırlar. Elə bil skeyt sürməkdə nə isə eyib bir şey var”.
Dərslərimizi də necə lazımdı çatdırırıq. Problem olmur. Dərsdən sonra gəlib burada skeyt sürürük. Bununla biz dincəlirik. Sonra evə gedib dərs oxuyuruq. Müəllimlər bizə normal yanaşır, onların çoxu bu idman növü ilə məşğul olmağımızı dəsdəkləyir. Boş-boş məhlədə oturmuruq, siqaret çəkmirik, araq içmirik, küçələrdə veyillənmirik. Həm idman edirik, həm də əylənirik.
Amerikada, Avropada uşaqları, gəncləri belə idman oyunlarına cəlb edirlər ki, pis əməllərə bulaşmasınlar. Rusiyada bu yaxınlarda dörd milyon dollara ikstrim oyunları üçün zal tikiblər. Bizdə də bayaq dediyim mənasız, zərər verən işlərlə məşğul olanlara heç nə demirlər, ancaq Sahil bağında skeyt sürənləri polislər dağıdırlar. Deyirlər camaatı qoymursuz istirahət eləməyə. Əksinə hamı bura bizə baxmağa gəlir. Əgər mane oluruqsa onda bizə bir meydan versinlər. Lazım deyil, heç nə tikməsinlər orada. Eləcə boş sahə versinlər bizə. Özümüz tramplinləri-zadı quraşdırarıq”.
“Ey... Bircə dənə meydanımız var. Bakının hər yerindən skeyterlər bura gəlir. Montindən, Kombinatdan, Əhmədlidən, Həzi Aslanov metro stansiyasının yanlarından gələnlər var. Ancaq skeyt sürmək üçün. Şərait yaratmadıqları bəs deyil, özümüz bir şey eləmək istəyirik onu da qoymurlar”. – Elmar Məmmədov keçrtdikləri yarışdan danışır. – Keçən dəfə Bakı şəhəri üzrə çempionat keçirirdik. Ən yaxşı sürən bir oğlan var idi ki, bilirdik bu yüz faiz çempion olacaq, o yarışmırdı-jüri idi. Yer tutanlara diplom da verilir. Bizim sistemə görə hər hərəkətə üç cəhd verilir. İkinci şansımızdan istifadə eləmişdik ki, polislər başımızın üstünü kəsdirdilər. Hamını qovdular. Biz də məcbur olduq iki “tryuk”un nəticələrinə görə yerləri müəyyənləşdirdik, mən altıncı oldum”.
Onlar həm də mədəni işlə məşğul olurlar. Hip-hop deyilən mədəniyyət növü var ki, bura dörd sahə daxildir: rep, brek-dans, qrafiks və ikstrim (sörfinq, skeyt-bordinq, velosiped, roller, lövhəylə və lövhəsiz paraşüt göstəriləri). XX əsrdə Amerikada iqtisadi böhran olur. Varlılar villalarınından küçüb gedirlər. Tərk edilmiş evlərin baxçalarındakı hovuzlar o vaxtın dəbi ilə yarımkürəvi tikilmişdi. Artıq oralar bom-boş idi. Skeyterlər də fürsətdən istifadə edib öz “təkərli taxta”larına burada güc verirdilər. Əyri hovuz divarları skeytə marağı artırdı. Həmin dövrdən skeyt-boardinq geniş yayılmağa başladı. Sonra bu idman növü ilə məşğul olan kamandalar yarandı. İlk belə klub “Bons briqad” adlanırdı. Artıq komandalar çoxalıb və bir-birindən skeyterlər də transfer edirlər. Axırıncı ən bahalı transferin məbləği 250 milyon dollar olub. Bu idman növündən hər il “Ginnesin rekordlar kitabı”na düşənlər də olur. Misal üçün uzunluğa və hündürlüyə tullanmanın rekordu amerikalı Deni Veyə məxsusdur (20 metr uzunluğa, 7 metr hündürlüyə). O, Çin səddinin üzərindən tullanmaqla da adını kitaba saldırıb.
Skeyt sürən uşaqların həvəskarlara məsləhətləri də var: “Sürənlər qoy davam eləsinlər, başlamaq istəyənlər də çəkinməsinlər. Bizə də müraciət edə bilərlər. Pul filan almadan onlara bildiklərimizi öyrədəcəyik. Gəlin bizə qoşulun”.
Baxış sayı: 296
Açar sözlər:
Bir axşam taksidən düşdüm vergiyə
Taksiçilər sosial fonda ödəniləcək vergidən indiyədək xəbərsiz olduqlarını deyirlər
Vüqar Baba
Sarı, xüsusilə açıq sarı rəng psixoloqların dediyinə görə insana rahatlıq gətirir. Sarıya baxmaq həm gözə xeyirdi, həm ruha. Sarı insanı rahatladır. Ona görədir ki, əksər tibb ocaqları ənənəvi ağ geyimi sarı rəngə dəyişməyə başlayıblar. Bu rəng diqqət çəkən rəngdir. Taksilərin əsasən sarı rəngdə olma səbəbi də rəngin baxışları özünə cəlb edə bilməsidir. Bütün bunlarla yanaşı sarı həm də ayrılıq və kədər rəmzidir. Hə, rəngin məhz axırıncı mənası taksi sürücülərinin son günlərdəki vəziyyətinin dəqiq ifadəsidir. Taksi sürücüləri kədərlidirlər...

Şəxsi maşınlarından xidmət taksi kimi istifadə edənlərə ilin əvvəlində bildirilib ki, bu cür xidmət göstərmək üçün VÖEN və lisenziya almalıdırlar. Alıblar. Nəqliyyat Nazirliyinin nəzdində olan “Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 30 manat ödəyib fərqlənmə nişanına sahib olublar. Verəcəkləri bununla bitməyib. Pul qazanmaq üçün sükan arxasına keçənlər sən demə başqa yerlərə də haqq ödəməli imişlər. Növbəti vergi ünvanı Dövlət Sosial Müdafiə Fondu ( DSMF ) olub. Lakin söhbət etdiyimiz 10-15 sürücünün hamısı dedi ki, indiyə qədər onlara bildirilməyib ki, fonda da vergi verməlidirlər. Ancaq indi sürücülərə məlumat kağızı gəlib ki, artıq DSMF-ə 500-600 manat civarında borcları var və ən tez müddətdə bu pulu ödəməlidirlər.
Taksi sürücüsü Canpolad Paşayev deyir ki, bilsəydi ki, başqa harasa vergi ödəyəcək heç taksiçilik etməzdi: “Lisenziya alanda ora pul ödədik, bir də hər ay 14 manat vergi ödəyirik. Bizə heç sosial fonda nə isə ödəməli olduğumuzu deməyiblər. Bu haqda heç vaxt, heç yerdə bir sənədə də imza-zad atmamışıq. Amma o gün kağız gəlib ki, sən demə hər ay Sosial Müdafiə Fonduna 34 manat ödəməliymişik. Mən çörək pulumu güclə qazanıram, ancaq gündəlik ehtiyaclarımızı ödəyə bilirik. Başqa heç yerə pul ödəməyə imkanım yoxdu. Bilsəydim ki, belə pul ödəyəcəm, heç lisenziya da almazdım, taksiçilik də etməzdim”.
Benzinin qiyməti qalxandan sonra maddi vəziyyətlərinin daha da pisləşdiyini deyən sürücülər ayda verdikləri vergini artıq zorla ödədiklərini dedilər. Nəinki əlavə olaraq DSMF-yə vergi ödəyəcəklər.
Rövşən Musayev adlı taksiçi də fonda ödənilməli olan vergidən xəbərsiz olduğunu dedi: “İndiyə qədər heç vaxt Müdafiə Fonduna pul ödəməmişik. Heç kim də beməyib ki, ora pul ödənməlidir. Belə idisə elə VÖEN-i alanda deyərdilər, biz də işimizi bilərdik. Mən əvvəlcədən bilsəydim ki, lisenziya pulundan, ayda verdiyimiz vergidən başqa bir də fonda 34 manat ödəməliyik, yəqin ki, başqa işlə məşğul olardım, taksiçiliklə yox”.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat rəhbəri Əli Səmədov taksi sürücülərindən tələb olunan verginin Məcburi Dövlət Sosial Sığorta Haqqı olduğunu bildirdi. Və əlavə etdi ki, həmin vergi tək sürücülərdən yox, işləyən hər kəsdən alınır: “Adından da göründüyü kimi bu məcburi sığortadır və ödəyicinin xeyirinədir. Həmin pullar hər kəsin fərdi hesabında toplanılır və gələcəkdə təqaüdlər həmin pulla ödənilir. Hamı bu vergini ödəməyə borcludur, o cümlədən taksi sürücüləri. Nəqliyyatda işləyənlərin hamısı minimum əmək haqqının 70 faizi qədər sosial sığorta haqqı ödəməlidirlər. Minimum əmək haqqı isə 50 manatdır”.
Əli Səmədov taksi sürücülərinin sığorta haqqı barədə məlumatsız olduqlarına isə inanmır: “Ola bilməz axı. Onlar VÖEN alanda Dövlət Sosial Sığorta Fondunda birbaşa qeydiyyata alınırlar. Onların hamısına deyilməməlidir ki, siz sosial sığorta haqqı ödəməlidirlər, bunu hamı ödəyir, onlar da bilməlidirlər. mümkün deyil ki, bilməmiş olsunlar”.
Fondun mətbuat xidmətinin rəhbərinin məlumatına görə Azərbaycanda 1 milyon 500 min sosial sığorta haqqı ödəyicisi var, 1 milyon 250 min nəfər də pensiyaçı var: “Ancaq normal təqaüd alınması üçün bir pensiyaçıya heç olmasa iki sığorta olunan düşməlidir. Onu da deyim ki, 5 il məcburi dövlət sosial sığorta haqqı ödəyənlər əmək pensiyası almaq hüququna malikdirlər. İndi sığorta haqqını ödəmək istəmirlər, ancaq sonra pensiyaların çox olmağını istəyirlər”.
Qazancı sükan tutmaq, sərnişin daşımaqdan keçənlər taksi sürücülüyü üçün müraciət etdikləri hər dövlət orqanında rüşvət istənildiyini dedilər. Canpolad Paşayev Vergilər Nazirliyindən, Dövlət Sosial Müdafiə Fondundan şikayətləndi: “Hara gedirsən 400-500 dollar rüşvət istəyirlər. Bir şey deyəndə də deyirlər get, kimə deyirsən de. İstəyirsən lap nazirə şikayət elə, mənə heç kim heç nə deməyəcək”.
Vergilər Nazirliyinin mətbuat xidmətinin katibi Fariz Səmədov taksi sürücülərinin ödəməli olduqları vergidən danışarkən bildirdi ki, bu vergilər şirkət taksiləri və fərdi taksilər olaraq iki qrupa bölünür. Vergiləri də həmin qruplara xas ödəməlidirlər: “Misal üçün əgər şirkət maşınıdırsa mənfəət və Əlavə Dəyər Vergisi ödəməlidirlər. Yox, fərdi qaydada, şəxsi maşınlarla xidmət göstərilirsə onda onlara fərqlənmə nişanları verilir və həmin fərqlənmə nişanlarının əsasında vergi ödənilir”.
Damalı nəqliyyatın sürücüləri problemlərinin həlli üçün müxtəlif idarələrə, Kütləvi İnformasiya Vasitələrinə müraciət etdiklərini, ancaq hələ də çarəsiz qaldıqlarını deyirlər. Bildirdiklərinə görə aralarında elələri də var ki, məhz bu cür vergiləri ödəməmək üçün qeydiyyatdan keçmirlər...
Baxış sayı: 1144
Açar sözlər: taksi taxi vuqar baba xəbər
Barlı Bakı
..................................................
Vüqar Baba
- Qəşəng qız, gəl bizim stolda otur. Ceyran, sənnənəm.
- “Ceyran” ha!.. “Çuşka” ha-ha-ha...
Bir az keçir “qonaqpərvər” əsəbiləşir. Qızlardan birini dartıb öz masasında əyləşdirir. Qız onu “qrubiyan” (dilimizə tərcüməsi “kobud”) adlandırır, qalxıb öz rəfiqələrinin yanında əyləşir. Digər masada oturan 4 qızın yanında. Elə oğlanlar da 5 nəfər idi. Öz aralarında qızları bölüşdürmüşdülər. “Hərəmizə biri” də demişdilər az əvvəl. Daha sonra qızların oğlanlara üz vermədiyini görən biri həmin “ceyran”lara qarşı masadakılarla maraqlanmağı tapşırdı. Bayaq oğlanlara tərs cavab verən indi onların yanında özünə yer eylədi. Gur musiqi səsi onlar arasındakı söhbəti aydın eşitməyə imkan vermirdi. Bircə: “15 “şirvan” çoxdu. Aşağı yeri var?” Və: “Yox. Onu mənimdi, beşi saunanın”. – kimi qiymət alış-verişinin getdiyini eşitdik. Razılığa gəlmədilər və oğlanlar içdikləri pivənin pulunu verib getdilər.

Gecəyə doğru “LAYF” adlı barın müştəriləri artırdı. Boş masa qalmadığından qızlar oturduqları yerdən qaldırıldı. Yarısı barın önündə oturdular, yarısı da skamyada əyləşdi. Tez-tez durub rəqs edirdilər. Diqqət çəkmək üçün müştərilərin qarşısında. Hərdən də arxa otaqlardan çıxan qızlar gözə dəyirdi. Qızlar gözlərini oğlanlara zilləyirdilər. Biri romantik görünməyə çalışırdı. Mənə baxırdı.
Başqa barları da gəzdik. Vəziyyət oxşar idi: gur musiqi, rəqs, diqqət (və başqa hisslər) oyadan qızlar....
“Black House”da xüsusi məqsədlər üçün nəzərdə tutulmuş otaqlar yox idi. Barda tanış olduğumuz Nərgizlə Aytən (adlar dəyişdirilib) belə dedilər. Lakin qız, özü də açıq-saçıq geyimlilər bol idi. Hərəkətləri – rəqsləri, masaların yanında gəzişləri, geyimləri və belə xırda detallar onların pullu xidmət üçün burada olduqlarını deyirdi. Bəs harada göstəriləcəkdi bu xidmət? Sonra öyrəndik ki, burada “çıxma” prinsipi əsasında işlər aparılır. Yəni oğlan kimisə bəyənir və onunla yatmaq üçün müəyyən pulun miqdarında saunaya, ya da evə gedirlər. Qızı bardan çıxarmaq oğlana 150-200 min manata başa gəlir. Bazarlıq qabiliyyəti çox, pulu az olanlar qiyməti 100 min manata qədər endirə bilirlər. Bu qiymət həm də yerində “xidmət” göstərən qızlara da aid edilir.
Nərgizlə Aytən bacıdırlar. Birinin 18, digərinin 19 yaşı var. Yaşca böyük – Aytən son iki ilə qədər İran İslam Respublikasında yaşayıb. Oranın qaydaları hamını hicab geyinməyə məcbur edir, lakin o özü də belə geyim tərzini sevirmiş. Bizə orada çəkdirdiyi şəkillərini göstərdi. Hicab doğrudan da ona çox yaraşmışdı.
Kiçiyi – Nərgiz isə yerində dura bilmirdi. Elə hey rəqs edirdi. Hərdən, çalınan musiqi çox pis olanda azacıq dincəlirdi. Onu rəqsə dəvət etdim. Bu musiqidən xoşu gəlmədiyini, başqasını sifariş etməyimi istədi. Əlbəttə ki, pulla. Tez-tez aşağı səviyyəli musiqinin çalınması da bar işinin bir hissəsidir. Xoşagəlməyən musiqiyə nə rəqs ediləcək, nə də qulaq asılacaq. Kimsə pul verib mahnını dəyişdirəcək. Öz istədiyini sifariş edəcək.
Oynayandan sonra onu bizim masaya dəvət etmişdim. Daha sonra bacısının da bizimlə oturmasını xahiş etdik. Onlara da içki aldıq. İçdik. Biz “Kola”, qızlar spirtli içki. Söhbət etdik. Pulu verib çıxdıq.
Barlar haqqında bir klub müdiri ilə söhbətləşdik. Adının çəkilməsini istəməyən bu şəxs şəhərimizdə ilk klub açanlardandır. Verdiyi məlumata görə, barlar xaricdə ən yaxşı istirahət yerləri sayılır. İşgüzar avropalılar işdən çıxır, şam etdikdən sonra haradasa rəqs etmək, musiqiyə qulaq asmaq, bir şeylər içmək istəyirlər. Üz tuturlar barlara. Günün yorğunluğunu atırlar. Bizdə isə “bar” deyəndə ağıla ilk növbədə əxlaqsız bir yer gəlir. Bu elə həqiqətdə də belədir. Bizim gecə barları qız alveri ilə məşğuldurlar. Müştəriləri qızlarla yığırlar. Bir-iki gecə barı var idi ki, başqa cür işləyirdi. Mədəni əyləncəyə üstünlük verirdi. Onlar da bu yaxınlarda bağlanıb.
Klub işlədicisinin fikrinə görə, bizim barların normal işləməməsi “papa, mama uşaqları”nın ucbatından olur. Barda ərköyünlük edən vəzifəlilərin uşaqlarına qarşı gələn badiqardlar (nəzarətçilər) “Sən bilirsən mən kimin oğluyam?” sualının qarşısında aciz qalırlar. Varlı övladlarına nəzarət edə bilmədikdə o birilərə də bir şey deyə bilmir. Belədə də özbaşınalıq, “bardaq” yaranır. Ara qarışır, məzhəb itir. Barlara insanlar istirahət etməyə yox, ehtiraslarını öldürməyə gedirlər.
Bardan çıxırıq. Pilləkəndəki qız alışqan istəyir. Siqaretini yandırıb aralanırıq oradan. Qızsa arxamızca təəccübünü bildirir: “Aaa... bəs siz bara nə üçün gəlmişdiz?...”
Baxış sayı: 2063
Açar sözlər:
Məzar transferi
Vüqar Baba
Biri 10, başqası 20, əksəriyyəti isə 100 ildən çoxdur burada uyuyur. Yevqeni Andreyevnanı, Sarkisovu, Viktor Mixayloviçi, Zoya Petrovnanı, Nina Pavlovnanı və başqalarını dəfn edəndə “son mənzilə yola salırıq” deyiblər, ancaq basdırıldıqları məzarlar da onların son mənzilləri olmadı...

“Rus qəbiristanlığı”, yaxud “erməni qəbiristanlığı” adlanan Nərimanov rayonundakı böyük məzarlığın köçürülməsinə başlanandan onun ətrafında müxtəlif söhbətlər gəzir. Rəsmi mənbələr həmin ərazidə yol çəkiləcəyini, qeyri-rəsmi mənbələr isə başqa səbəbdən köçürülmələr olduğunu söylədi. Orada dövlət məmurlarından kiminsə tikinti aparmaq istədiyi deyildi. Qəbir sahiblərindən televiziyaya çıxanlar məzarların daşınmasından razı olduqlarını bildirdilər, TV-yə çıx(arıl)mayanların isə yaxınlarının qəbirlərinin yerindən tərpənməsinə belə qarşı çıxdıqlarını dedilər. Gəzən bu söz-söhbətlər ardınca “GÜN səhər” həmin məzarlığı gəzməyə getdi...
Azərbaycan Dövlət İqtisad Universitetinin arxasında – “erməni qəbirstanlığı”nda fəhlələr işləyirdi. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri məzarlığın ətrafına dəmir hasar çəkirdilər. Bayırda da 7-8 tabut yığılmışdı. Qəbiristanlığın ortasında, təxminən 100 metrlik zolaqda artıq heç bir qəbir yox idi. Həmin ərazidə ancaq dağıdılmış başdaşılarının parçaları və içi plastik sok qabları ilə dolmuş 10-15 qəbir çuxuru var idi. Bir də 10 metr enliyində qumlu yol. Əvvəl yolun da, dağıntıların da altında qəbirlər olub. İndi... Bilinmir.
Qəbiristanlığın girişində yaşıl bir çadır var idi. Fəhlələr “icra hakimiyyətinin adamları orada oturub, bu işə onlar baxır” deyib bizi çadıra doğru yönəltdilər. Ora yaxınlaşıb jurnalist olduğumuzu və bizə İcra Hakimiyyətinin ( İH )nümayəndəsi lazım olduğunu bildirdik. Özünü İH-nin işçisi kimi təqdim edən şəxs qəbir sahiblərini bu çadırda qəbul etdiklərini dedi: “Yaxınlarının məzarları daşınacaq adamlar həmin qəbirləri göstərir, biz də həmin qəbirləri qazır, tabuta qoyur və Hövsandakı qəbiristanlığa, basdırmağa aparırıq. Burada 5 küçə olmalıdır. Qəbiristanlığın ərazisindən bir-biri ilə kəsişən 5 yol keçməlidir. Hələlik bu qədər yeri təmizləyirik. Bir azdan həmin yollar üçün daha böyük ərazi qəbirlərdən təmizlənəcək”. Bunları deyən şəxsdən adını və vəzifəsini soruşanda isə gülümsədi və özünü tanıtmaqdan imtina etdi.
Qəbiristanlığın bir tərəfində səs-küy qopdu. 25-30 gənc qəbiristanlığın müdiri Kamran Məmmədovla mübahisə edirdi. Səslər bir-birinə qarışmışdı: “Mən 5 qəbir qazmışam, Samir 3. Pulumun qalanını ver”, “Mənə imkan vermədilər qazmağa”, “Əfəl tapmamısan e, tez ol qazdığım qəbirlərin hamısının pulunu ver...” və başqa-başqa tələblər. Kamran Məmmədov hamısına pullarının çatacaqlarını vəd verib onlardan aralandı, bizə tərəf gəldi. Qəbiristanlıq müdiri bizə mübahisənin sənədləşdirmə işində bəzi adların səhv yazılmasına görə yarandığını bildirdi. Onun dediyinə görə hər bir fəhlə günə təxminən 20-30 manat alır. Həmin fəhlələrin çıxardıqları qəbirlər Hövsana aparılır”.
Öz atalarını ziyarətə gələn bacı-qardaş – Əli Qəmbərovla Gülarə Səfərova isə yaxınlarının məzarının köçürülməsinə qarşı olduqlarını dedilər. Gülarə Səfərova atalarının müsəlman olduğunu və dinə görə qəbir köçürməsinin yasaq olduğunu söylədi: “Dövlət də hamısını Hövsana köçürür. Ora çox uzaq olduğu üçün gərək mən öz pulumla təzədən başqa yaxın bir yerdə dəfn etdirim atamı” deyib kövrəlir, danışa bilmir...
Lara Mədətovanın həm atası, həm oğlu dəfn olunub burada. Onlar xristiandılar. Ancaq Lara Mədətova da öz yaxınlarının qəbirlərinin köçürülməsinə qarşıdır.
Orada olduğumuz iki saat ərzində cəmi iki ziyarətçi gördük. İkisi də köçdən narazı...
Baxış sayı: 1359
Açar sözlər:
Baxış sayı: 236
Açar sözlər:
Baxış sayı: 316
Açar sözlər:
Baxış sayı: 243
Açar sözlər:
Baxış sayı: 473
Açar sözlər:
Ölkədə ərzaq təhlükəsizliyi qanunu
və siyasəti yoxdur
Vüqar Baba
Keçən həftə Qala qəsəbəsində yerləşən bir hərbi hissədə qida zəhərlənməsi olub. 25 nəfər zəhərlənib. Zəhərlənməyə nəyin səbəb olduğu açıqlanmır. Məlumatı “GÜN səhər”ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib.
Qaladakı zəhərlənmə sentyabr ayında baş verən analoji hadisələrdən biridir: Ötən həftə “Yaddaş” qəzetinin kollektivi qidadan kütləvi zəhərlənib və qəzetin bir sayını çıxarmaq mümkün olmamışdı... Sentyabrın 4-ü Binə qəsəbəsindəki toyda 200-ə yaxın şəxs zəhərlənib. Onların 28-i uşaq olmaqla 60-a qədəri xəstəxanalara yerləşdirilmişdi. Zərərçəkmiş